Daha bir layihəmizin açılışı oldu! – “Dalğa Beach-Aqua Park”
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avadanlıq satışı ve quraşdırılması Akond MMC tərəfindan reallaşdırılan “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak edib.
Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni inşa edilmiş “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir. Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verildi. Qeyd edildi ki, “Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola biləcəklər.
Qonaqların istirahətinin mənalı təşkili üçün ərazidə hər şey yüksək zövqlə tərtib olunub. Rəngarəng yaşıllıq guşələri, hovuzların əlverişli arxitektura ilə salınması istirahət üçün buraya üz tutanlarda gözəl əhval-ruhiyyə yaradacaq. İstirahət mərkəzinə gələnlərə buradakı restoranlarda Azərbaycan və dünya mətbəxinin nümunələri, həmçinin dəniz məhsullarından hazırlanmış müxtəlif çeşidli yeməklər təklif olunacaq. Yeni istirahət mərkəzini fərqləndirən əsas cəhətlərdən biri də burada daimi fəaliyyət göstərən və orijinallığı ilə seçilən su attraksionunun olmasıdır.